Növbəti qonağımız “Premier Group” şirkətinin marketing şöbəsinin müdiri Çiqniyev Tərlandır. O, turizmin inkşaf tendensiyaları, Azərbaycanda turist portreti, şirkətin gələcək planları və bir daha bir neçə maraqlı mövzulara toxunacaq.

Lütfən, şirkətiniz haqqında danışın. Hansı istiqamətdə və nə ilə məşğul olur?

– Adım Tərlan Çiqniyevdir. “Premier Group” şirkətində Marketing direktoru vəzifəsində çalışıram. Turizm sahəsi ilə məşğuluq. Ümumilikdə şirkətin daxilində 7 mehmanxana (beşi Bakıda, digər ikisi isə Qəbələ və Şəkidə yerləşir), 1 outgoing və incominglə məşğul olan tur şirkətimiz və 1 transfer firmamız var.

Hansı ölkələrdən ən çox qonaqlar mehmanxanalarda yerləşir?

– Qonaqlarımızın böyük hissəsi Səudiyyə Ərəbistanından gələn turistlər olur. Eləcə də Pakistandan, Hindistandan və Rusiyadan da turistlər stabil və çox olur. Eləcə də bir mehmanxanamız var, hansında ki, Cənubi Koreyadan olan turistlər istirahət etməyi çox sevir.  Qeyd etmək istərdim ki, bütün ölkədə olduğu kimi, bizdə də qonaqlar aprel ayının sonundan oktyabr ayının əvvəlinə kimi çox olur.

Səudiyə Ərəbistanından olan qonaqlar daha çox şəhərin mərkəzində olan mehmanxanalarda qalmağı xoşlayır, yoxsa mərkəzdən kənarda və ya rayonlarda?

– Ümumiyyətlə, nəinki ərəb qonaqlarımız, bütün turistlər şəhərimizin mərkəzinə daha çox üstünlük verirlər. Bizim şəhərimizin qədim tarixi və gözəlliyindən başqa vacib faktorlarından biri odur ki, şəhərin mərkəzində bütün istiqamətlərdə asanlıqla turları tapmaq olar. Eləcə də statistikaya görə ərəb turistlər Bakıda 2-3 gün qaldıqdan sonra hər hansı bir rayona istrahətə gedirlər, ən çox seçilən rayon isə Qəbələ olur. Bizim şirkət öz növbəsində qonaqlara belə bir şərait yaradır və  onları Qəbələdə olan mehmanxanamıza transfer edirik.

Bir az öncə Cənubi Koreyadan olan turistlər barədə vurğuladınız. Onların bizim turizm bazarımızdakı mövcudluğu nə qədər zamandır və sizcə bu tendensiyanı saxlaya biləcəyikmi?

– Bu çox maraqlı bir mövzudur. İlk olaraq demək istərdim ki, artıq Cənubi Koreyada filial açmaq üzrə işlərimiz gedir. Koreyalıların Azərbaycanın turizm bazarına böyük potensialı var. Son 3-4 ildə, koreyalıların Azərbaycana səfər dinamikası böyüyüb. Onlar tur ərzində Qafqaz ölkələrini gəzirlər və buna Qafqaz turu deyirlər. Yaxın gələcəkdə Seulda Qanqnam zonasında  keçiriləcək sərgidə iştirak edib, Azərbaycanı təmsil edəcəyik. Eləcə də bu yaxınlarda bilmişəm ki, Azərbaycan gəncləri Cənubi Koreya mədəniyyəti ilə çox maraqlanır, oraya oxumağa və istirahət etməyə gedirlər. Eləcə də koreyalı seriallara baxanlar da az deyil. Buna görə, biz mehmanxanalarımızın birində Cənubi Koreyaya həsr olunmuş tədbir keçirdik və bir gün ərzində  Koreyaya outgoing turizmi ilə maraqlanan 45 nəfər yığıldı. Belə bir göstərici mənim üçün təəccüblü oldu.

Turistlərin mehmanxanalarda orta hesabla qalma müddəti onların hansı ölkədən gəlməsindən asılıdır?

– Deyərdim ki, daha çox məqsədlərindən və imkanlarından asılıdır. Sırf ərəb turistlərini götürsək, onlar 1 həftə və daha artıq qalırlar. Amma mənim fikrimcə ölkəmizi aktiv turlardan istifadə edərək bir həftə ərzində gəzmək olar. Məsələn, koreyalılar orta hesabla 2-3 gün qalırlar. 1 günü tam olaraq Bakıya həsr edirlər, digər 1-2 günü hansısa rayona gedirlər və oradan Qafqaz turlarına davam edərək Gürcüstana yollanırlar.

Turistlərin cəlb edilməsi üçün 2 kanal götürsək: Məsələn, sizinlə əməkdaşlıq edən yerli turizm şirkətləri və online yer bron etmək üçün servislər, bunlardan hansı daha artıq müştəri trafiki yaradır?

– 1-ci yerdə əlbəttə booking.com-dur. Yerli şirkətlərlə də korporativ şərtlərlə işləyirik. Yerli şirkətlərlə işləmək niyə vacibdi? Çünki biz ancaq high sezon vaxtı fəaliyyət göstərmirik, low sezon zamanı da şirkətlərlə sıx əməkdaşlıq edirik.

Booking.com daxilində hər hansı reklam kampaniyaları edirsinizmi?

– Xeyr, ona heç ehtiyac qalmır, çünki booking.com özü display və search reklamını bütün daxilində olan şirkətlər üçün buraxır və biz axtarışda öz reklamımızı booking.com adından görə bilərik. Sadəcə olaraq, bu sevisdə insanlar tərəfindən gələn review-lara, yəni rəylərə diqqət yetirmək lazımdır. Bununla bizim marketing şöbəmiz məşğul olur. Və hər mehmanxananın diktorları da bütün review-lar ilə maraqlanır və heç birini gözdən qaçırmırlar. Beləliklə, review menecmentə çox böyük diqqət yetiririk.

Gəncə şəhərində yeni filialınız açıldı. Bununla bağlı Sizi təbrik edirik. Bilmək istərdik ki, niyə məhz Gəncə?

– Gəncə Azərbaycanın 2-ci paytaxtı və 2-ci ən böyük şəhəridir. Eləcə də burada aeroport var, bu turistlərin gəliş-gedişini asanlaşdırır. Gürcüstana da daha yaxındır və bu cəhətdən istirahət edənlər başqa ölkəyə getmək üçün qənaət etmiş olurlar.

Mehmanxanalarda orta hesabla nə qədər turist olur?

– Azərbaycan tourism boardun rəsmi məlumatına görə, mehmanxanalarda olan turistlərin sayı 20%- dir. Bilirəm bu balaca rəqəmlərdir, amma biz hamımız bunun üzərində bir ailə kimi çalışmalıyıq. Dövlət öz tərəfindən bizə daha artıq dəstək göstərməlidir. Biz layiqincə öz ölkəmizin xaricdə təbliğini aparmalıyıq, yeni bazarlar kəşf edib turist trafikini Vətənimizə cəlb etməliyik. Misal üçün Gürcüstanı götürsək, bizdən kiçik olduğuna baxmayaraq, bizdən çox turist cəlb edə bilirlər. Eeləcə də, hamımızın sevimli ərəbləri, oraya  buradan çox səyahət edir.

Social Media mehmanxana biznesində önəmli rol oynayırmı?

– Əlbəttə ki, hər şey informativlikdən başlayır. Siz özünüz haqqında ətraflı məlumat verirsinizsə, kontentinizi sistematik olaraq yeniləyirsinizsə, müştərilərin heç bir müraciətini cavabsız qoymayırsınısza və ən önəmlisi rəylərlə mütəxəssiscəsinə işləyə bilirsinizsə, onda, sosial media köməyinizə çatacaq.

Booking.com dan başqa hansı beynəlxalq servislər ilə işləyirsiniz?

– Yenədə vurğulayım ki, ən əsası booking-dir, eləcə də “tripadvisor”, “hotelbeds” və “expedia”dan da istifadə edirik.

Rusiyadan gələn turistlərin davranış qaydaları digər ölkələrdən gələn qonaqlarımız kimidir və ya fərqlənir?

– İlk öncə onu deyim ki, Rusiyadan gələn qonaqlar Bakıya daha çox üstünlük verirlər, nəinki rayonlara. Daha çox İçərişəhərdə olan mehmanxanalarımızı seçirlər. Eləcə də son illər keçirilən “Jara” festivalına görə Rusiyadan gələn turizm axını daha da çoxalmışdır. Doğma insanlar, doğma estrada və musiqili festival. Yəni bundan gözəl şərait turistlər üçün ola bilərmi? Həmyerlimiz Emin Ağalarov bu festivalı ilə Azərbaycanı bir növ PR etdi. Amma, “belə bir ajiotajın olmasının yeganə səbəbi Jara festivalıdır” desəm, səhv olar. Ona görə ki, festivaldan sonra da turistlər 3-4 gün Bakıda qalırlar. Bizim yeməklərdən, mədəniyyətimizdən, tariximizdən, gəzməli-görməli yerlərdən məmnun qalırlar. Mən hər bir mehmanxanada imkan olanda səhər yeməyinə düşüb insanların davranışına və üzlərindəki xoş ifadələrə baxıram. Müştəri məmnuniyyəti artıq bu anda  hiss olunur və nəticədə onlar öz vətənlərinə xoş təəssüratlarla qayıdırlar.