Müsahibəmizin növbəti qonağı İmhoney layihəsinin yaradıcısıdır. O, biznesin yaranması, bu sahədəki problemlər və təbii bal barədə söhbət açacaq.

Necə oldu ki, Honey.az layihəsini yaratmaq fikrinə düşdünüz?

– 2011-ci ildə dostumla bir yerdə onun ofisində oturmuşduq. Mənə dedi ki, Gürcüstanda tanış adam var, yaxşı bal satır. Qiyməti də bizim bazar təkliflərindən ucuzdur. Səhərisi gün ona zəng etdim. Bir həftədən sonra oraya yollandım. Maraqlısı odur ki, balı ondan almadım. Həm bal mən istədiyim keyfiyyətdə deyildi, həm də insanın davranışı xoşuma gəlmədi. Oradan başqa bir yoldaşla dağlara getdik. Digər bir tanışımın köməyi ilə yeni bir istehsalçını tapıb balı ondan aldım. Həmin balı Bakıya gətirdim və Respublika Laboratoriyasında yoxlatdırdım. Sonra facebook səhifəsi açdım. Həmin dövrdə  bu məhsulu nə reklam etmək fikrim yox idi, nə də bu mənə heç lazım da deyildi. Qablaşdırdım, şəklini çəkdim və səhifədə yerləşdirdim. Səhərisi gün artıq birinci sifariş gəldi. Mən fikirləşmirdim ki, bu mənim əsas biznesim olacaq. Əlavə biznes kimi nəzərdə tuturdum.

Məhsulun sertifikatlaşdırılması həmişə yerli laboratoriyalarda olub?

– Əvvəl yerli laboratoriyalarda edirdim. Yerli laboratoriyaya yoxlamağa bal göndərdim. Bir şeydən şüphələnirdim ki, bütün bal növlərinə eyni göstəricilər verirdi. Bir müştəri ilə problemimiz oldu. Dedi ki, balınız yaxşı deyil, keyfiyyəti çox aşağıdır. Mən özüm bilərək üç geydirmə (keyfiyyətsiz) bal tapıb, həmin laboratoriyaya göndərdim. Onlar bu üç bala eyni qiymət verdilər. O vaxtdan etibarən  balları yoxlatmaq üçün yalnız Moskva və Ukrayna laboratoriyalarına göndərirəm. Yalnız indi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaranandan sonra yerli sertifikatlaşdırılma yaxşı işləməyə başlayıb.

Hal-hazırda neçə növ bal çeşidi mövcuddur?

– Hal-hazırda imhoney-də bal məhsulunun 25 növdə çeşidi mövcuddur. Peroni-də, bu franşızadır, burada bal məhsulunun 30-a yaxın çeşidi var.

Balın ən çox satılan çeşidləri hansılardır?

– Demək olar ki, hamısına təlabat eyni səviyyədədir. Hansının postunu yerləşdiririksə o daha çox satılmağa başlayır.

Bəs, əgər reklam etməsəniz satılmır?

– Satılır. Daimi müştərilər alırlar. Hətta çeşid geniş olduğuna görə balı sevməyən insanlar da bizdən sonra sevdikləri bal növünü tapırlar.

2011-ci ildə və indiki dövrdə rəqiblərinizin sayı?

– 2011-ci ildə bir rəqibimiz var idi. Facebook üzərindən rəqiblərim ümumiyyətlə yox idi. Facebook-da birinci rəqibimiz bir ildən sonra yarandı. İndi isə hər gün yenisi əmələ gəlir və köhnələr yoxa çıxırlar.

Azərbaycan cəmiyyətində saxta ballarla bağlı yaranan fikirlər realdır yoxsa stereotipdir?

– Bu stereotipə çevrilən reallıqdır. Təbii, amma keyfiyyətsiz olan ballar var. Problem təkcə saxta balda deyil. Camaat fikirləşir ki, bal təbiidirsə, gərək onu alıb yeyəsən. Balının təbii oldğunu düşünən arıçılar var və onlar sizi aldatmırlar. Sadəcə balı laboratoriyaya göndərəndən sonra, cavablar deyə bilər ki bal keyfiyyətli deyil. Bal təbii ola-ola həm də keyfiyyətsiz ola bilər. Məsəl üçün: arıçı balı tez yığsa, günəşin altında çox saxlasa, arılara düzgün baxmasa bu cür hallar ola bilər. Balın keyfiyyət gstəricilərinin aşağı olmasının  səbəbləri çoxdur. İstərdim sizə başıma gələn bir  hadisəni danışım. Altaydan qarabaşaq balı sifariş verilmişdi. Onu göndərməzdən əvvəl Rusiyanın Barnaul şəhərində yerli laboratoriyada yoxlayırlar, bura gələndən sonra məcburi AQTA-da yoxlanılır, üstəlik özüm onu Kiyevdə Ukrayna Arıçılıq İnstitutuna göndərirəm. Bu bal Rusiyanın dövlət standatlarına uyğun idi. Oksimetilfurfurol göstəricilərinə əsasən yoxlanılırdı. Azərbaycanda da oksimetilfurfurol keyfiyyətinə görə yoxlanılır. Amma əslində tam keyfiyyətin ölçülməsi üçün oksimetilfurfurol sayına görə də yoxlanılmalıdır. Rusiyada sayına görə yalnız sorğu əsasında yoxlanılır, standart yoxlama kompleksinə daxil deyil. Amma, Ukrayna dövlət standartlarına əsasən bal həm keyfiyyətinə,  həm də sayına görə yoxlanılmalıdır. Oksimetilfurfurol sayına görə həddindən artıq çox çıxdı. Bu halda bal artıq zərərli olur. Bu təkcə bir səbəbdir, amma bu səbəblər yüzlərlə ola bilər. Saxlanılması düzgün deyildi, bal istidə çox saxlanılmışdır və s. Bu səbəbdən biz həmişə balı Ukraynada yoxlatdırırıq. Geydirmə ballar həmişə var. Ən geydirməsi şəkərdən düzəldiləndir. Bu artıq bal deyil. Bu siropdur. Amma çox əfsuslar olsun ki, bizim bazar onu da turistlərə satmağa bacarır.

Honey.az malları pərakəndə dükanlarda satılır?

– “Port Baku”da, “Port Bazar”da, “Badam”da, “Gurmaniya”da, bir neçə coffeshop-larda satılır. Bütün marketlərdə satmaq istəmirik. Səbəbi isə odur ki, məhsulumuz adiləşməyini istəmirik. Məhsul keyfiyyətli olduğuna görə seçdiyimiz qiymət politikası onu bütün bazarda kütləvi şəkildə satmaq imkanı yaratmır.

Pərakəndə, sosial şəbəkə və onlayn dükan – bu satış növlərindən  hansı daha effektivdir?

– Korporativ sifarişləri nəzərə almasaq sosial şəbəkə metodu ilə satış daha effektiv olur.

Beş kaliumlu dopinq məhsulunuzun ideyası necə əmələ gəlib?

– Beş kaliumlu dopinqin resepti barədə nənəm mənə danışmışdır. Dediyinə görə onu soyuqdəyməyə və digər xəstəliklərə qarşı istifadə edirdilər. Bu barədə məlumatlar axtarmağa başladım. Araşdırmalarım nəticəsində mənə məlum oldu ki, bu məhsul pilot-kosmonavtların arasında məşhur imiş. Daim yüksəklikdə olduqlarına görə onlar qalxanvari vəz xəstəliklərindən əziyyət çəkirlər. Qalxanvari vəzi bərpa etmək üçün bu məhsulu özləri ilə götürürdülər. Üstəlik o dopinq kimi enerji verir. Əslində biz dörd kalium istifadə edirik. Beşinci kalium limondur. Biz limonu digər 4 kaliumla bir yerdə saxlasaq, o oksidləşmə verəcək. Üstəlik də limon təzyiqi aşağı salır. Biz bütün alıcılarımızın təzyiqinin hansı səviyyədə olduğunu bilə bilmərik. Hər bir alıcı istədiyinə görə limon qabığını bu dopinqə əlavə edə bilər.

Bəs balqabaq tumları ilə bal ideyası hardan gəlib?

– Bir nəfər müştəri zəng edib və bizdən belə bir məhsul istədi. Təqribən yarım saata yaxın balqabaq tumları barədə danışdı. Bu hadisə təxminən 2013-cü ildə baş .vermişdi. Təəssüflər olsun ki, müştərinin adı və nömrəsi yadımda deyil, bu səbəbdən ona öz minnətdarlığımı bildirə bilmədim.

Sizin ən sevimli balınız hansıdır?

Akasiya balı.