Bu günki müsahibəmizin qonağı Muhasibat.az, Accounting.az, Kadr.az,  Audit.az və bir neçə daha maliyyə və mühasibatlıq sahəsində olan layihələrin qurucusu Ramin bəy Ramazanovdur.

Muhasibat.az saytından başlamaq istəyərdik. Onu yaratmağ ideyasına necə gəldiniz?

– Əslində muhasibat.az dan əvvəl bizim yaratdığımız ilk şirkət 2010-cu ildə Saldo MMC olub və 2012-ci ildə biz Accounting.az şirkətini qurduq. Ümumiyyətlə, sənətini sevən hər bir insan, istəyər ki, o sahədə bir sosial layihə ilə məşğul olsun. Başqa ölkələrdən fərqli olaraq, bizdə bu sahədə cəmi 3 sayt var. Onlardan hər biri fərqli konsepsiyada fəaliyyət göstərir. Amma, hal-hazırda bizim audit.az və muhasibat.az layihəmiz demək olar ki, mühasiblərin və maliyyəçilərin ən çox giriş olunan saytıdır. Həm xəbər portalı kimi, həm də mühasiblərə və maliyyəçilərə lazım olan bir çox fayllar və faydalı məlumatlar oradan götürülür. Hazırda yenilənmə işləri davam edir, ilin sonuna tam yeni məzmunda çıxmağı planlayırıq. Əslində yaratmada heç bir maddi məqsəd yoxdu idi, bunu mühasibata olan sevgimizdən yaratmışıq.

Deməli, bu non-profit layihədir?

– Bəli, tamamilə non-profit layihədir. Mühasibat sahəsinə böyük diqqət, maraq, təcrübə və böyük sevgidən irəli gələn bir layihədir.

Muhasibat.az və audit.az bu saytları niyə böldünüz? Bir saytın daxilində cəmləşdirmədiniz?

– Məzmunları oxşar olsa da, adminləri ayrıdır. Hərəsinin öz istifadəçisi var, məsələn deyək audit.az –saytının istifadəçiləri muhasibat.az –ın istifadəçilərindən fərqlənir. Maliyyəçilər və auditorlar audit.az –a, muhasiblər isə muhasibat.az –a daxil olurlar. Misal üçün bu qədər mühasibat şirkətləri var, amma Google-da yazsanız, biz ilk beşliyə düşürük, ən aşağısı 4,5 yerdə biz oluruq. Burada başqa bir üstünlük də ortaya çıxır, baxmayaraq ki, non-profitdir, mühasibat və ya kurs lazım olanda gəlib bizi oradan tapırlar, amma biz onu yaradanda heç belə bir məqsədimiz yox idi. Qısa olaraq non-profit kimi yaranmasına baxmayaraq, kontent marketinq sahəsində bəzən müştəri gətirir.

Neçə ildir bu sahədə çalışırsınız?

– Mühasibat uçotu və Audit sahəsində 2004-cü ildən işləyirəm.

Mütəxəssislər üçün yox, sırf biznes sahələri üçün, ümumiyyətlə auditor muhasibdən nəynən fərqlənir Azərbaycanda?

– “Müdrik mühasib, sonda auditor olur”.  Mən özüm də baxmayaraq ki, fəaliyyətə mühasib kimi başlamışam, sonradan 5 il ərzində auditor kimi davam etmişəm, amma yenidən geri qayıtmışam. Əslində audit şirkətimiz də var, amma o qədər də maraqlı deyil mənə, çünki audit gec-tez adamı yorur. Onu Amerikada birja fəaliyyəti ilə müqayisə edə bilərəm, necə ki, müəyyən vaxtdan sonra birja işçisi fəaliyyətini dayandırır və daha rahat və stressiz istiqamətə keçir. Amma hər bir mühasibə məsləhət görərdim, müəyyən bir vaxtdan sonra auditor kimi çalışsınlar. Bu onlar üçün çox faydalı olar, çünki müəyyən vaxtdan sonra öz işlərində buraxılan səhvləri görə biləcəklər.

“Əksər hallarda şirkətin hansı bankla işləyəcəyini mühasib özü seçir.”

Ramin Ramazanov

– İnanın ki bununla bağlı bir neçə bank ilə görüşümüz olacaq. Hansı banklar ilə ki, biz işləmək istədik, bu konsepsiyamızı tam qavraya bilmədilər, amma hansından ki, bir az narazı qalmışdıq, özləri bizə təklif elədilər ki, gəlin bu istiqamətdə işləyək. Həqiqətən də mühasib bankı dəyişə bilir. Korporativ müştərilərdən söhbət gedirsə bankın ən çox istifadəçisi onun mühasibidir. Və bu səbəbdən də korporativ müştəri tutmaq üçün banklara tövsiyyə elədim ki, ilk növbədə mühasiblər ilə işləsinlər. Elə bizim özümüzü götürsək, müştəri gəlirsə bizim şərtimiz olur, bankı dəyişmək və biz işlədiyimiz banklar ilə əməkdaşlıq etmək. Bizə və işi aparan mühasibə elə rahatdı. Ona görədə çox hallarda bankı dəyişmək mümkündür.

Xarici şirkətlərin nümayəndəliklərinin, bizim yerli şirkətlərdən fərqləri nədədir?

– Əsas işi qiymətləndirmədədir. Əvvəllər neft bumu vaxtı, (mən o vaxtı audit-konsaltinq şirkətində çalışırdım) belə bir araşdırma etmişdik ki, neft kontraktları ilə bağlı 1500 dən yuxarı xarici şirkətlərin filial və nümayəndəliyi açılmışdı. Amma, yavaş-yavaş indiki vəziyyətə çataraq ya paylarını satıblar, ya işlərini bitirib gediblər. Hazırki vəziyyətə nəzər salsal, görərik ki, bu cür 200-ə yaxın qalıbhələ də mövcuddur. Əcnəbi ölkələrdə mühasibata baxış tam başqadır. Əcnəbilər müştəriyə təklif verəndə və ya iş görəndə, iş bölünür: mühasibat, vergi hesabatı, kadr işləri və s. Hər birinə ayrı yanaşma və ayrı qiymət təklifi. Amma yerli şirkətlərlə danışıqlarda əsas fraza: “Mənim mühasibatlığımı neçəyə aparacaqsan?” sualı olur və onun içinə hər şey daxildir.

Sizin Finstaff.az layihəniz də non-profit konseptinə uyğundur?

– Xeyr. Bu əslində monetizasiyası olan bir lahiyyədir. Bu ideya məndə təxminən 8 il  əvvəl yaranmışdı, çünki, Rusiya, Qazaxıstan, Ukraynada belə layihələr var və yaranma səbəbi də odur ki, müraciətlər həddindən artıq çox olur, mühasiblər iş axtarır, şirkətlər isə mühasib axtarır. Saytdan istifadə tam pulsuzdur. Sadəcə bizə müraciət edən mühasib axtaran şirkətlər üçün biz həmin namizədləri tapırıq və həmin şirkətdən öz komissiyamızı alırıq. Mühasiblərdən heç nə almırıq. Rekrutinq sayıla bilər, amma sırf mühasibat-maliyyə sahəsində çalışırıq.

Bir mühasib müəyyən hesabat dövrü ərzində nə qədər şirkətə xidmət göstərə bilər?

– İşin effektiv olması üçün 10 şirkət bir mühasibə görə konsaltinq sahəsində normaldır. Söhbət 10 kiçik şirkətdən gedir. Burada vəziyyət bölünür, çünki bəzi konsaltinq şirkətlər sizə deyə bilər ki, “mühasibat xidmətləri”, amma sadəcə vergi hesabatları verirlər. Əgər məsələ ancaq şirkətlərin vergi hesabatlarından gedirsə, elə mühasib tanıyıram ki, 50-70 şirkətə xidmət göstərir. Amma sırf mühasibat uçotundan söhbət gedirsə, hansı ki, bütün əməliyyatlar mühasibat proqramında işlənilir, hər bir işi mühasib aparır, bu halda  artıq 10 şirkət limitdir. Çox olanda iş keyfiyyətsiz olur. Bu tək bizdə deyil, xarici saytlarda bu barədə maraqlansanız 10 şirkət qənaətbəxş hesab edilir. Bu halda biz, mikro və kiçik şirkətləri nəzərədə tuturuq. Bu səviyyəyə çatmaq üçün də işçi 1-3 il arası təcrübə yığmalıdır.

Yerli bazarda şirkətlərə daxili mühasib saxlamaq yoxsa işi autsorsa vermək daha sərf edir?

– Şirkətin özündən və sahədən asılıdır. Məsələn, istehsal ilə məşğul olanlara: əməliyyatlar həddindən artıq çoxdur, hər əməliyyatın məlumatlarını ötürüb götürmək, vaxt itkisi deməkdir və işin effektivliyini azaldan faktordur. Amma xidmət sahələrində autsorsinqin önəmi daha çoxdur.
Bizlə müqayisədə xaricdə autsors daha çoxdur. Bizdə bəlkə də 10%-a çatmır, amma xarici bazarlarda, qərbdə, ABŞ-da 90%-i keçir.

Vergilər Nazirliyində olan dəyişikliklər bazarda xidmətlərin alınmasına təsir edir? Çoxalır, azalır və ya heçnə dəyişmir?

– Əslində təsir eləməliyeməli idi. Amma belə deyək “Keçid dövrüdür”, həm də bizim insanlar öyrəşiblər ki, nəsə məcburiyyət olandan sonra eləsinlər. Vergi yoxlamaları 6 dəfə azalıb, vergi yoxlaması gəlmir, deməli mən daha rahat ola bilərəm, bu məsələ bir az təsir edir. O vaxtı bizim işimiz ən yaxşı həddə çata bilər ki, mühasibat uçotuna və vergiyə ayrı ayrı qurumlar tərəfindən nəzarət olunsun. Əgər illik maliyyə hesabatları verilməsi tələb olunarsa, o halda indikindən bəlkə 20 dəfə çox tələbat olacaq. O tələbat hal-hazırda bizdə yoxdur və bu səbəbdən, vergi uçotuna daha çox üstünlük verilir. Hamı fikirləşir mən ancaq vergiyə hesabat verim, əslində sahibkarın özünə maraqlı olmalıdır ki, mənim gəlirim, xərcim nə qədərdir. Əksəriyyəti kağız üzərində edir, bu qədər gəldi, bu qədər getdi.

Yeni bazarlar da yarana bilər, artıq yaranmaq üzrədir. Numunə olaraq Sədərək və Binə bazarı, orada da rəsmiləşdirməyə hal hazırda təşviq edirlər. Eşitdiyimə görə, Sədərək və Binə ticarət mərkəbazarlarında  10.000-dən artıq vergi ödəyicisi var. Bu sahədə əsas məsələ insanlara könüllü vergi və mühasibat mədəniyyətini aşılamaqdır.