Növbəti intervyu qonağımız, Cross & Gym funksional məşq zalının yaradıcısı və CrossFit üzrə ölkə çempionu Zeynal Zeynalovdur. Azərbaycanda ilk CrossFit konsepsiyasına uyğun zaldır. CrossFit nədir, çətinliklər, yarışlar və gələcək planlar.

CrossFit -ə necə gəldiniz və ümumiyyətlə CrossFit barədə məlumat verərdiniz?

– CrossFit nədir? Aktual bir sualdır. Qısa olaraq – daim dəyişən, yüksək intensivli, funksional hərəkətlər deməkdir. CrossFit şirkəti tərəfindən müəyyən edilmiş açıqlama budur. Başqa ifadə ilə desək: ümumi fiziki hazırlıq. Amma, ümumiyyətlə CrossFit bir brend adıdır və biz sadəcə bütün funksional məşqlərə CrossFit deməyə öyrəşmişik. Bunu məsələn biz nə ilə müqayisə edə bilərik: el arasında bütün offroad maşınlara Jeep deyilir, halbuki Jeep bir brend adıdr. Burada da oxşar bir vəziyyət yaranır. CrossFit sözünün hər hansı bir şirkət adında və ya loqosunda istifadəsinin müəllif hüquqlarına görə, ildə 3000 $ qiyməti var, bu məbləğ ana şirkətə ödənilir. Amma bütün auditoriyanın belə ad və mənaya öyrəşdiyi üçün elə müsahibə zamanıda mən “Funksional məşqə” CrossFit deyəcəyəm. CrossFitin ana hədəfi: insanı istənilən maneəyə hazırlaşdırmağıdır. Sadəcə əzələ yığmaq deyil, bədəni hazırlaşdırmaqdır. Bu istiqamətə necə gəlmişəm, idmana ümumiyyətlə daim həvəsim olub, yüngül atletika, ağır atletika və s. Bu idman növlərinin cəmləşən yerini CrossFit-də gördüm və çox maraqlı gəldi mənə, başladım araşdırmağa. Beləliklə də CrossFit-ə gəldim.

Cross & Gym kompleksini açmaq ideyası hardan yarandı?

– Özüm məşğul olmaq istəyirdim, amma Azərbaycanda, Bakıda CrossFit mərkəzi, lazım olan avadanlıq, bu işi bilən peşəkarlar yox idi və düşündüm ki, bu boşluğu elə özüm doldurum və belə bir idman kompleksi açmaq qərarına gəldim.

CrossFit proqramlarını özünüz yaradırsınız yoxsa hansısa standartlar üzərində hazır proqramlar var?

– Özümüz yazdıqlarımız da var, hədəfə görə dəyişən proqramlar, müştərilərin istəklərinə görə proqramlar tərtib edirik. Amma, ümumiyyətlə, crossfit.com –da CrossFit şirkətinin rəsmi saytında, “Workout of the day” deyilən gündəlik proqramlar verilir, hər gün yenilənir  və hər hansı bir insan bu proqramlardan istifadə edə bilər. Dünyaca məşhur məşqçilər var, hansılar ki öz proqramlarını satırlar, biz onlardan da istifadə edirik, hər bir məşqçinin öz yanaşması var. Mən öz məşqlərimdə də xarici peşəkarların proqramlarından istifadə edirəm.

Bir CrossFit zalının yaradılmasına nə qədər vaxt və sərmayə lazımdır?

– CrossFit zalı yaratmazdan öncə Siz öz hədəf kütlənizi müəyyən etməlisiniz, yəni siz neçə nəfərə qulluq edən bir kompleks yaratmaq istəyirsiniz. Artıq bu kriteriyaya görə məbləğ də dəyişir, vaxt da dəyişir. Orta hesabla götürsək, 100 nəfərə xitab eldən zal açmaq istəsəniz (100 nəfər daimi müştəridən söhbət gedir) və artıq yeri müəyyən etsəniz, avadanlığın gəlməyi ilə birlikdə 2 aya həll etmək olar. Çox vaxt aparan əsas məsələ yaxşı yer tapmaqdır. Amma, texniki tərəfdən 2 ay kifayət edir. Sərmayə məsələsinə gəldikdə, 100 nəfər daimi müştəri üçün fəaliyyət göstərən Cross Fit kompleksinə hesablasaq, hardasa 40 min dollara yaxın pul lazımdır.

Cross & Gym –in açılışında hansı çətinliklər ilə üzləşdiniz?

– Ən böyük çətinlik yaxşı yer axtarıb tapmaq idi. Ən çox vaxtımız elə ona getdi. Məsələn 2016-cı ildə açıldıq, amma 2015-dən artıq fikir var idi və müəyyən tədbirlər görməyə başlamışdıq, lakin münasib yer tapa bilmirdik. Qalan məsələlər isə çox rahat oldu.

Ümumi neçə nəfər işçiniz var?

7 nəfər daimi işçim var.

Müştəri cəlb etmək üçün əsas hansı kanallardan istifadə edirsiniz (SMM, offline reklam, şəxsi tanışlıqlar)?

– Biz işə başlayanda, bir agentlik ilə yola çıxdıq. Sağ olsunlar, bu işdə bizə çox dəstək oldular. Social Media vasitəsi ilə biz tanındıq. Bizə loyal olan müştəri bazası yığdıq və indi demək olar ki, heç bir reklam kompaniyası aparmırıq. Təqribən, son 6 aydır ki, reklam kanallarını dayandırmışıq. Çünki, hal-hazırki prioritetimiz bizdə olan müştəri bazasının üzərində fokuslanmaqdır. Ola bilsin ki, yaxın gələcəkdə rebrendinq edək və artıq onda sosial mediyadan yenə istifadə edəcəyik.

Sosial şəbəkələrdə aktivsiniz. Bu yolla Siz bu istiqamətə yeni müştərilər cəlb etmək istəyirsiniz, yoxsa sadəcə bu idman növünə böyük maraq və sevgidən irəli gəlir?

– Əslində bu 2 məqsəd bir-birini istisna etmir. Bu sahəyə marağım var, həm də istəyirəm ki, insanların marağı oyansın, gəlsinlər və ən azından tanış olsunlar ki bu “CrossFit” deyilən ifadə nədir və nə faydası ola bilər. Çox vaxt necə olur: adam gəlir yazılır və bir müddət sonra işi çıxır və ya səfəri olur və unudur ki, mənim sosial aktivliyim onlar üçün bir cür motivasiya kimidir (Gülür) Məqsədlərdən biri də ətrafımızda olan gənclərin idmana həvəsini artıqmaqdır. Ümumiyyətlə, idman indiki dövrdə insanların bütün yaş təbəqələri üçün təbii ehtiyacdır, həyatımız o qədər passiv keçir ki, biz idman eləmədikcə bunun fəsadlarını görürük, xüsusən də sağlamlığımızda.

Reebok CrossFit Games yarışına necə qatılmaq olar? Hansı çətinliklər olur? Və gələn dəfə gücünüzü yoxlamaq üçün namizədliyinizi verəcəksiniz?

– Ümumiyyətlə, CrossFit Games başqa ifadə ilə desək, CrossFit üzrə dünya çempionatıdır və onun seçim mərhələləri var. Birinci mərhələ “CrossFit Open” adlanır. Bütün ölkələrin təmsilçiləri onlayn iştrak edir. 5 həftə boyu yarış davam edir. Və hər həftə yeni bir tapşırıq verilir. O tapşırığı yerinə yetirib, videoya çəkib, göndərmək üçün 4 gün vaxt verilir. Ona görə, istənilən adam games.crossfif.com saytında qeydiyyatdan keçərək bu yarışın birinci mərhələsində iştrak edib, video çəkib göndərməlidirlər. Video çəkilişində də müəyyən standartlar var, onlarla da tanış olsaydılar pis olmazdı. Daha sonar, ölkə üzrə bütün idmançıların 5 həftə ərzində olan nəticələri yığılır və qalib seçilir. O ölkə çempionu “National champion” olur və artıq bu çempion “CrossFit Games” ə dəvətnamə alır. Mən Ölkə Çempionu oldum, dəvətnamə aldım, sadəcə ABŞ-a Visa ilə problemlər yaşandığı üçün bu yarışa qatıla bilmədim. Amma, buna baxmayaraq, bu il oktyabrda bir daha seçim mərhələsi olacaq və mən özümü bir daha sınayacağam. Ümumiyyətlə, “CrossFit Open”da iştrak etməyi bütün CrossFit sevərlərə, bu istiqamətlə maraqlanan hər kəsə tövsiyə edərdim. Orada həm peşəkarlar, həm də həvəskarlar iştirak edə bilərlər.

crossgym zeynal zeynalov

Cross & Gym planları. Yeni filial açmaq planda var, yoxsa bazar yeni filial üçün hələ balacadır?

– Yeni filial planda var. Amma, bu da müəyyən bir sərmayə tələb edir. Hələ ki, yaxın planlarımız mövcud filialı yeniləməkdir. Planlardan biridə franşiza kimi xidmət göstərməkdir. Kimin belə bir kompleksi yaratmaqda marağı varsa, onlara çox məmnuniyyətlə kömək edərik, hətta öz brendimizin adından da çalışmaqlarına razı olarıq.

Bir məşqçi və idmançı olaraq, Sizcə Azərbaycanda CrossFit -i populyar idman növünə çevirmək üçün nə qədər vaxt tələb olunacaq?

– Mənim fikrimcə 5 il lazımdır. Biz 3 il bundan əvvəl başladıq və Azərbaycanda CrossFit demək olar ki, yox idi. 3 il ərzində səhv eləmirəmsə 6 dənə peşəkar CrossFit mərkəzi var. Minlərlə adam CrossFit ilə məşğul olur və buda artıq bir nəticədir. Düşünürəm ki, 5 il sonra rəqəmlər 10 dəfə çox olacaq. Nə qədər də reklam olmasa, Azərbaycanda dost-tanış tövsiyyəsinə daha çox inanırlar. Ona görə də gəlirlər, dadına baxırlar və dostlarını tanışlarını da cəlb edirlər. Sarafan radiosu məsələsi kimi. Düşünürəm ki, bunun təbliğində biz, məşqçilərində rolu böyükdür. İnsanlara hər şey düzgün formada çatdırılsa, dahada yaxşı nəticəyə nail olarıq. Yox, əgər, insanlara ancaq pul prizmasından baxılsa onun effektti az olacaq, həm də müştəri davamiyyətli gəlməyəcək və işi yarı yolda qoyacaq. Həmdə bu idman mərkəzi bir şəbəkələşmə yeridir. Nəsillər arasındakı bir bağdır. Cavan nəsil daha böyük nəsil ilə qarşılaşır, tanış olur, bir-biri ilə təcrübələrini bölüşürlər. Bu iş yalnız pula bağlı deyil. Bir mənəvi tərəfi də var.