Bu günkü müsahibəmizin qonağı Elvin Kazımovdur. O, “Simple Logistics” şirkətinin təsisçisidir. Ukraynada “Uber” şirkətinin rəsmi tərəfdaşıdır. “Simple Logistics” şirkətinin balansında 8 miniven, 3 CUV və 2 SUV tipli avtomobil mövcuddur. Elvin bəy Ukraynada bu sahədə Uber ilə işləməklə necə biznes sahibi olmaq barədə danışacaq.

Salam Elvin-bəy, qısa olaraq “Simple Logistics” biznesi nədən ibarətdir?

– Salam. “Simple Logistics” nəqliyyat vasitələrinin idarə olunmasından ibarətdir.. 2 ildir ki, bu sahədə çalışırıq. Avtomobilləri alıb müxtəlif seqmentlərdə xidmət göstəririk. Taksi xidməti, aeroportdan transfer, rent-a-car. Amma əsas gəlir “Uber” ilə əməkdaşlıqdan gəlir. Biz “Uber” -in vasitəsilə əhaliyə taksi xidmətləri göstəririk.

Yalnız “Uber” platforması vasitəsi ilə taksi xidməti göstərirsiniz? Yoxsa digər taksi servislərindən də istifadə edirsiniz?

– Taksi xidməti sahəsində yalnız “Uber”lə əməkdaşlıq edirik. “Uber” avtomobillərimizin yüklənmə faizini tam ödəyir. Ona görə başqa servislərə ehtiyac qalmır.

Orta hesabla bir avtomobil nə qədər gəlir verir?

– Bu avtomobilin ilindən, növündən, mövsümdən və sürücüdən asılıdır. “Uber Black” tipli avtomobillər aylıq 1000-1500$ arası, “Uber Select” – 700-1000$ gəlir verir.

“Uber Black” -a nə tipli avtomobillər daxildir?

– “Uber Black” premium seqment deməkdi. Avtomobillər yalnız qara rəngdə olmalıdır. Bu “Uber” -in tələbidir. Tariflər sifarişin vaxtından, hava şəraitindən asılı olaraq 3 dəfə baha ola bilər, nəinki, adi “Uber” maşınlarında. Amma “Uber Black” avtomobilləri daim təmiz olmalıdır, baqaj boş olmalıdır, maşının salonunda sürücünün əşyası olmamalıdır. Düzdür eyni tələblər digər avtomobillərə də aiddir, amma “Black” -a nəzarət böyükdür. Daim yoxlayırlar və nəzarət edirlər və “Black” tipli avtomobillərin qiyməti minimum 15000$-dan başlayır. Digər tariflərə isə dəyəri 5000$ olan avtomobillər də daxil olar bilər.

Qeyd etdiniz ki, gəlir sürücüdən asılıdır. Sürücü gəlirə necə təsir göstərə bilər?

– Təcrübəli sürücünün şəhərin hansı yerində daha çox sifariş ola biləcəyi haqqında məlumatı olur və tıxacda qalmamaq üçün alternativ yollardan istifadə edib, ünvana daha tez çatır. Nəticədə daha çox sifarişi olur. Məsələn iş vaxtı bitən zaman daha çox sifariş biznes mərkəzlərinin yerləşdiyi ərazilərdən gəlir. Əksinə səhərlər sifarişlər daha çox otellərdən gəlir, günorta təhsil mərkəzləri ərazisindən sifariş olur.. Əlbətdə ki, mövsumün də fərqi var. Yayda bir vəziyyətdir, qışda isə tamam başqa vəziyyət.

Sürücü tapmaq çətindir və sürücünü işə götürmək prosesi necə olur?

– Təcrübəli sürücü tapmaq çətindir. Əsas sürücülərimiz azərbaycanlılardı. Düzdür türk və ukraynalılar da var. İşçilərimizi əsas digər sürücülərin rəyi nəticəsində işə cəlb edirik. Korporativ mədəniyyət qurmağa çalışırıq. Treninqlər təşkil edirik ki, sürücülərimiz müştərilərlə nəzakətli davransınlar və zənnimcə bu istiqamətdə üğur əldə etmişik. Bizimlə illərlə çalışan sürücülərimiz var. Hansıların ki, rəy reytinqi çox yüksəkdir.

Sürücülər maaş alır yoxsa faiz?

Ümumi gəlirin 50% sürücü götürür.