Zəhmət olmasa, özünüz haqqınızda qısa məlumat verin, idman yolunuz nedən başladı?

– Adım Suleymanov Ayaz Suleyman oğlu, 1979 il təvəllüdlü. Özüm Ağdam rayonundanam. Atam ingilis dili müəllimi olmağına baxmayaraq uşaqlığımızdan idmana bizi cəlb eləmişdi. Fərqi yoxdu yay, qış, daim idmanla məşğul olardıq. 6 yaşımdan 9 yaşıma qədər Ağdam rayonunda sambo məktəbinə getmişəm. Ceyhun Məmmədov, Bəxtiyar Haciyev, Səhliman Ağayev, Əhliman Ağayev ilə birgə məşğul olmuşam. Müddət keçdiycə karate, kikboxing, taekwondo ilə də məşğul olmuşam. Artıq böyüdükcə passivlik yaranırdı, iş həyatı, əskərlik, şəxsi həyat ilə bağlı. Uzun müddət idmanı tərk elədiyimə görə, gördüm artıq çəki, passivlik, tənbəllik kimi problemlər yarandı. Başladım xırda-xırda özüm üçün idman etməyə, özümü motivasiya eləyirdim. Bir müddət sonra gənclik dostum Anar Səfərovla təsadüfən rastlaşdıq. Qarabağ idman klubunun həm təsisçisidir, həm də Azərbaycanda Braziliya Jiu Jitsusu ilə məşğul olan ilk idmançılardandır. Söhbət etdik və məni motivasiya etdi zala gəlim, məşğul olub özümü formaya salım. Jiu Jitsuya sırf arıqlamaq niyyəti ilə gəldim, mütəxəsis olmaq niyyəti ilə yox. Amma bu idman növü elədiki, dərinlikləri biləndən sonra, insan daha çox mütəxəssis kimi məşğul olmaq istəyir nəinki həvəskar kimi. Burada limitlər yoxdu, istənilən idmançı, istənilən yaşda bura qatılaraq yarışlarda iştrak edə bilər. Və beləcədə başladım Anar müəllimin yanında məşq etməyə. 6 ay sonra respublika çempionatına qatıldım və 1 yeri götürdüm, beləliklə daha çox motivasiya almağa başladım.

Ciddi travma/xəsarət almısınız?

– 2014-cü ildən bu günə qədər heç bir ciddi travmam olmayıb. Əksinə bu idmana gələndə onurğamda ağrılar var idi, idmanla məşğul ola-ola o ağrılar keçdi. Və bu tək məndə belə deyil, bir neçə tələbəm var, onlarda 5-6 ay məşğul olduqdan sonra ağrılardan azad oldular.

Azərbaycanda jiu jitsu idman zalını yatarmaq ideyası necə yarandı?

– 2017-ci ilə qədər Anar Səfərovun məşqçiliyi altında bu idmanla məşğul oldum. 2017-ci ildə Abu Dabidə keçirilən Dünya Çempionatından qayıdarkən, öz klubumu açmaq qərarına gəldim. İlk təklifim Anar müəlimə oldu ki, ayrı bir zalda Qarabağ idman klubnun filialı kimi fəaliyyət göstərim, amma qərarlaşmadıq və 2017-ci ildə oradan ayrılaraq 4 nəfərdən ibarət klub açdım. İndi 2019-cu ildir və artıq 40 nəfər stabil tələbəm var. Klubun adı S.A.S. BJJ  oldu, bu adımın baş hərfləridir Süleymanov Ayaz Süleyman oğlu, BJJ isə dediyim kimi Braziliya Jiu Jitsu sözlərinin baş hərfləridir. Dizaynıda fikirləşdik, Ceyhun müəllimlə məsləhtləşdim, 2 qat Dünya Çempionu, qara kəmər, hal hazırda onun məşqçiliyi altında özüm də milli yığmada məşq edirəm, bir böyük kimi öz məsləhətlərini verdi və beləcə klubumuz yarandı.

jiujitsu

Jiu jitsu digər döyüş növlərindən nə ilə fərqlənir?

– Digər döyüş növlərindən fərqi ondadır ki bir neçə idman növünün birləşməsi var. Həm cüdo, sambo kimi ayaqda güləşmək, həm güləş kimi yerdə güləşmək, həm boğucu, həm də qırıcı fəndlər var. Həddindən artıq böyük arsenala malik olan idman növüdür. Bugün dünyada məşhur olan Mixed Martial Arts (MMA) növündə ən çox istifadə olunan fəndlər Jiu Jitsuya aiddir.

Jiu jitsu Klubu gəlir verən layihədir yoxsa sadəcə hobbidir?

– Bəli gəlir verən layihədir, amma təəssüflər olsun ki, başqa ökələrdəki kimi yox. Misal üçün ABŞ götürsək, orada 1 aylıq məşq ən ucuz yerdə 200$-dan başlayır. İndividual məşqlər 800-1000$ arası keçirilir. Vaxtında Braziliyadan ora köçən məşqçilər indi artıq böyük gəlirlərə sahibdirlər. Məsələn: Mendes Brothers idman klubu, tanınmış Mendes qardaşlarının məşqçiliyi altında və ya Andrea Qalvaonun idman klubu və s. Belə klublarda bir məşq ərzində 100-120 tələbə məşğul olur. S.A.S. BJJ açıldıqda ilk məqsədi idmançıları cəlb etmək olub. Və indiyə kimi elə tələbələrimiz var ki, onlar üçün qapılarımız təmənnasız açıqdır. Azərbaycanda idmana belə bir yanaşma var ki, mən pulumu alım, qoyum cibimə, uşaq məşq elədi, ya eləmədi mənlik deyil. S.A.S. BJJ klubunda belə deyil. Mən özüm belə münasibətləri gördüyümə görə, uşaqları məcbur edirəm məşq etməyə və başa salıram ki, sənin valideynlərin əziyyət çəkir, pul qazanır və pul ödəyir sənə görə. Ona görə sənin haqqın öyrənməkdir, mənim isə haqqım öyrətməkdir.

Orta hesabla  aylıq nəçə nəfər tələbəniz olur?

– Təxmini 35-40 nəfər olur. İndi yay olduğuna görə çoxları istrahətdədir.

Bizim milli komandamız beynəlxalq ciu citsu yarışmalarında iştirak edir? Hansı yerləri tutur?

– Avropa çempionatlarında, Dünya çempionatlarında və Beynəlxalq turnirlərdə iştrak edirik. 2017-ci ildə Moskvada Avropa çempionatı keçirildi, 2-ci yerə layiq görüldüm. 2018-də və 2019-da Dünya çempionatı keçirildi, 2-ci yerə layiq görüldüm. Bakıda bu yaxınlarda Sərhədçi idman klubunda, UAE JJF (Birləşmiş Ərəb Əmirliklərinin Jiu Jitsu Federasiyası) beynəlxalq turnir keçirildi. Bu turnirdə mən və tələbəm 1-ci yeri qazandıq, bir tələbəm də 2-ci yerə layiq görüldü. Bu bizim klubun nəticələridir. Amma, ümumən Respublikadan idmançılar çox yerlər tuturlar.

İlkin müştəriləri necə cəlb etdiniz? Onlayn yolla, şəxsi tanışlıq ilə, yoxsa idman zalının yerinin rahatlığına görə?

– Saydığınız göstəricilərin hər biri mütləq şəkildə olmalıdır. Zalın münasib yerdə olması çox vacib bir şərtdir ki, hər kəs oraya gedə bilsin. Biz bu yeri seçəndə əsas faktorlardan biri kimi metroya və yaşayış binalarının sıxlığına baxırdıq. İşimizi yeni başlayanda şəxsi tanışlıqla da cəlb edirdik. Sonra sosial şəbəkələrindən, İnstagramın da rolu oldu. Bir neçə video paylaşdıq, çoxlu zəng gəldi və müəyyən faizi real müştəri oldular. Son 2 ay ərzində haradasa 10-15 min əhatə auditoriyasına məqsədli, ödənişli reklamlara başlamışıq, Oradan 10-15 nəfər adam yazıldı və bütün reklam xərclərini artıqlaması ilə ödədi.

Müştəriləriniz əsas hansı yaş kateqoriyalarındadır?

– Təxminən 8-15 yaş arası 60%-ni , 15-35 yaş arası 30%-ni  və 10%-ni lap balaca idmançılarımız təşkil edir. Əslində əvvəl 20-35 yaş arası çoxluq təşkil edirdi. Onlarla işləmək daha rahatdır, tez qavrayırlar və öyrənirlər. Amma, mənim təcrübəmə görə o yaş kateqoriyaları çox qalmır, kimsə tənbəllik edir, kimsə işi ilə əlaqədar məşqləri kəsir və s. Bir də görürsən cavan oğlan gəlir, 5-6 aya nəticə göstərir, yarışda 1-ci yeri tutur, amma təəssüf ki, sona qədər getməyib tənbəllik edir. Amma uşaqlarla tam başqa cürdür, gec qavrayırlar, amma daim bir tempdə irəli gedərlərsə, artıq 20 yaşlarına qara kəmər alarlar.

Azərbaycanda gənclər arasında  jiu jitsu nə qədər populyardır?

– Müəyyən qədər populyardır. Bəzi insanların qeyri mütəxəssis yanaşmalarına görə bu proses yavaşlayır. Klublar çoxdu, məşqçilər çoxdu, tələbələr müxtəlif yaş kateqoriyalarından bu idman növü ilə maraqlanır və məşq edirlər. Dəqiq statistik məlumatlar olmasa da, bilirəm ki, populyardır və tendensiya yaxşıya doğru gedir.
Ümumiyyətlə, tələbə məşqə gəldikdə sənin ona yanaşmandan və ümumiyyətlə, bütün daxili proseslərdən onun necə bir idmançı olacağı və bu idman növünə maraq və sevginin yaranmasından asılıdır. İlk növbədə hər şey tələbənin öz istəyinə bağlıdır. Bəzən olur valideyn uşağı gətirir ki, bu çempion olmalıdır, mən belə valideynə heç vaxt zəmanət vermirəm. Birinci səbəb – uşağa bir neçə dərs baxmalıyam, özünü necə aparır, məşqə maraq yaranır, yoxsa yox. İkinci səbəb – heç bir müəllim tələbəni çempion etmir, müəllim yol və istiqamət verir, insan özü özünü çempion edir. Üçüncü səbəb isə – böyük iddiaları olan valideynlərə zəmanət vermək olmaz, gələcəkdə uşaq valideynin gözlədiyi nəticəni verməyəndə, valideyn tərəfdən təziq göstərilir.

Ayaz Suleymanov

Gələcək planlarınız?

– Gələcəyə planlarımız çoxdur. Ölkəmizə xaricdən mütəxəssislərin gətirilməsi və onların sistematik şəkildə seminarlarının keçirilməsi. Bunu həmdə bizim idman növünün populyarlaşmasına görə də etmək istəyirəm. Mütəmadi olaraq gəlirlər (bunun üçün sərmayələr artıq xərclənir), amma istəyirik bu davamlı və stabil şəkildə olsun. Bu yaxınlarda Bakıya Royce Gracie də səfər etmişdir. Jiu Jitsunu MMA gətirən ilk insanlardan biridir. Azərbaycanda belə bir tendensiya var: ustadı dəvət edirlər ki, pul qazansınlar, amma biz onları dəvət edirik ki, hamı faydalansın və cavan nəsil keyfiyyətli təcrübə yığsın.

musahibe.az